Şərur rayonu Naxçıvan Muxtar Respublikasının qərbində yerləşir. Bu rayon cənub tərəfdən İranla həmsərhəddir. Şimalda və şərqdə relyef dağlıqdır. Dərələyəz dağ silsiləsi bu ərazidə yerləşir. Rayonda ən uca nöqtə Qalınqaya dağıdır (2775 metr). İqlimi yarımsəhra, yayı quraqlıq keçir. Yanvar ayında orta teiperatur +3 C-dən +6 C-ə qədər , iyul ayında +20 C-dən +26 C-ə qədərdir. İllik yağıntı miqdarı 200-400 mm olur. Rayon ərazisindən axan Apaçay və başqa çaylar Araz çayı hövzəsinə aiddir. Həmin çayların suyundan suvarma məqsədilə istifadə edilir. Bu məqsədlə Arpaçay su anbarı tikilmişdir. Bitki aləmi əsasən yarımsəhra ərazilər üçün səciyyəvi növlərlə təmsil edilmişdir. Heyvanların daha geniş yayılmış növləri dağ keçisi, muflon, canavar, tülkü, dovşan və başqalarıdır. Quşlardan kəklik, qırqovul və başqa növlərə rast gəlmək olar.
Rayon ərazisində çoxlu arxeoloci abidə var. 1987 - 1999-cı illərdə Qazma mağazasında Mustye dövrünə aid ibtidai insanların daşdan hazırlanmış əmək alətləri tapılmışdır. Arpaçay və Araz çaylarının sahillərində tunc dövrünə aid qədim insan məskənlərinin olması sübut edilmişdir. Buradakı Şahtaxtı məskənində böyük məharətlə hazırlanmış naxışlı qab nümunələri aşkar edilmişdir. Salamat qalmış memarlıq abidələrinə misal olaraq, Arpaçaı üzərində orta əsrlərdə tikilmiş körpünün, Qarabağlar məqbərəsinin (XII - XIII əsrlər), Qoşa minarənin (XIV əsr), Quta Xatun məqbərəsinin, orta əsrlərə aid məscidinin, ziyarətgahın və karvansaranın adını çəkmək olar.
Verməziyər, Ərbatan, Qarahəsənli, Babəki, Kosacan kəndlərinin yaxınlığında aparılmış arxeoloci qazıntılar burada Külüklər, Köhnə Ərbatan, Köhnəkənd, Kültəpə və Külük adi məsgənlər olması barədə ehtimalı təsdiq etmişdir.
Burada ev müxəlləfatı əşyaları, üzərində oyma naxışlar və yazılar olan gil və minalı qabların - küpələrin, vazaların, bardaqların parçaları və başqa əşyalar tapılmışdır.
Rayonun inzibati mərkəzi olan Şərur şəhəri bu ərazidə dəmir yolu çəkilməsi ilə əlaqədar salınmışdır. Şəhərdə iki park, stadion, muzey, məscid, şəhidlərin xatirə memorialı, kinoteatr və 2 mehmanxana var. Şəhərin ətrafında geniş ərazidə kənd təsərrüfatı torpaqları vardır.
Dəmiryolunun o birni tayında qədim şəhər yeri aşkar edilmişdir. Burada qədim məscidlər, hamalar və bazar yeri qalıqları nəzərə çarpır.
Harada qalmaq olar
Yerli əhali tərəfindən kirayəyə verilən evlərdə qalmaq mümkündür. Burada qonaqlar özlərini rahat hiss edirlər.
Harada nahar etmək olar
«Şərur» Tel. 2 30 95, «Elvin» 2 22 28, «Qaqaş» Tel. 2 39 41, «Cəlil» Tel. 2 29 71, «Əziz» Tel. 2 31 09, «Təbriz» restoranlarında müxtəlif milli xörəklərimizdən dadmaq olar.