Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Şəhər və rayonlar
Qəbələ şəhəri
Qəbələ rayonunun ən məşhur tarixi-mədəni abidəsi - eramızın I əsrinə aid yazılı mənbələrdə (Pliniy və b.) adı çəkilən qədim Qəbələ şəhəridir. 1800 ildən çox mövcud olmuş Qəbələ şəhəri 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuşdur. Qədim şəhərin xarabalıqları rayon mərkəzindən 15 km məsafədə, Qaraçay və Covurlu çayının arasındakı ərazidə yerləşir. Qəbələ rayonunda tütün, buğda və arpa yetişdirilir, barama saxlanılır. Rayonun inzibati mərkəzi - Qəbələ şəhəri Dəmiraparançayın sağ sahilində yerləşir. Aydın havada bu şəhərdən baxanda Azərbaycanın ən uca zirvəsi - Bazardüzü dağını görmək olar. Tikanlıçay, Qumçay, Dəmiraparançay və Vəndam çayları bu rayonun ərazisindən axır. Qoz və şabalıd meşələri ilə zəngin olan Qəbələ şəhərinin ətrafında çoxlu mineral su bulaqları və təmiz sulu çeşmələr var. dağların ətəyində dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Baharda bu meşədə gözəl bir mənzərə yaranır. Buradakı ağacların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan ağacların siyahısına daxil edilmişdir. Rayonda yüzlərlə tarix və mədəniyyət abidəsi var. onlara misal olaraq Əmili kəndində IV-VIII əsrlərə aid alban məbədini, Bum kəndində XIX əsrə aid məscidi, Bayramkoxa kəndində IX-XIV əsrlərə aid Ustacan qalasını, Şəfili kəndində XVII əsrə aid məqbərəni, Həmzəli kəndində XVI əsrə aid Şıxbaba pirini, Komrad dağının zirvəsindəki Komrad pirini, Nic kəndində Hacı Qərib məscidini və XIX əsrdə yaşamış Bolu bəyin yaşayış evini göstərmək olar. Həzrə kəndində Şeyx Bədrəddin və Şeyx Mansur məqbərələri XV əsrə aid edilir. Nic kəndinin yaxınlığında Yalovlu dağda eramızdan əvvəl III-I əsrlərdə insan məskənləri olmuşdur. Bu ərazidə dəmir bıçaqlar, xəncərlər, qılınclar, tuncdan hazırlanmış üzüklər, qızıl sırğalar, dəyirman daşları və başqa əşyalar aşkar edilmişdir. Azərbaycanın şimal ərazisində dağlıq və Aran rayonlarda həmin dövrə aid arxeoloci mədəniyyət elmdə Yaloylu mədəniyyəti adlanır. Qəbələ şəhərində müdafiə təyinatlı qədim qüllə (IX-XI əsrlər), XVIII əsrə aid edilən məscid, İmam Baba məqbərəsi (XVIII-XIX əsrlər), Cümə məscidi, eləcə də böyük tarix-diyarşünaslıq muzeyi vardır. Turistlərə xidmət edən «Dağ Turizm Bazası» ekskursiyaların, meşədə istirahətin və ovun təşkil edilməsi ilə məşğul olur. Harada qalmaq olar Nohur gölünün sahilində «Sahil» istirahət zonası Tel.(050) 354 81 57, Qəbələ şəhərinin şimalında, meşə zolağında «Ay işığı» istirahət zonası yerləşir. Bu istirahət zonalarının hər ikisi 2002-ci ildə tikilmişdir. Harada nahar etmək olar Rayonda nümunəvi fəaliyyət göstərən iaşə obyektləri var. dağ ətəyində, meşə zolağında «Xanlar» Tel. (50) 322 57 09, Dəmiraparançayın sahilində «Ay işığı» 3 67 28, «Soyuq bulaq» Tel. (50) 323 49 13, meşə zolağında «Durna gölü» Tel. (50) 327 58 22, 327 13 77, Nohur gölünün qərb sahilində «Sahil» Tel. (50) 203 13 90 restoranları yerləşir.