Göyçay rayonu Azərbaycan Respublikasının mərkəzində, Şirvanın dzünün şimalında, Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşir. Rayonun ərazisi iki hissəyə, dağlıq və düzənliyə ayrılır. Göyçay çayı və Yuxarı Şirvan kanalı rayonun ərazisindən keçir. Göyçay rayonun bəzəyi sayılan 199 çinar ağacı hökumətin qərarına əsasən tarixi abidələr kimi qorunur. Hər birin yaşı 170 ildən çox olan bu ağacların diametri 110 sm, hündürlüyü isə 25 metrə çatır. Cəyirli kəndində yaşı 400 ildən yuxarı olan iki çinar ağacı var. Onların diametri 200 sm, hündürlüyü isə 35 metrdir. Bığır kəndində 515-520 il yaşı olan palıd ağacının diametri 180 sm, hündürlüyü isə 20 metrdir.
Rayonun Ərəbcəyirli, Qarabağlar və İncə kəndlərinin yaxınlığında bizim eradan əvvəl II əsrdə yaşamış insanların məskənləri aşkar edilmişdir. Rayon mərkəzindən 9 km aralıda yerləşən Ərəbcəyirli kəndində XII-XIV əsrlərə aid Surxay qülləsi, Alpoud kəndində isə XIX əsrə aid Hacı Cəlil məscidi salamat qalmışdır. XIX əsrdə tikilmiş «Yer altı hamam» abidə kompleksi arxitektura sənətkarlığı baxımından başqa abidələrdən seçilir, hamamın çirkab suların hansı yolla hara axıldığı hələ də sirr olaraq qalır.
Rayonun mərkəzi Göyçay şəhərində fəaliyyət göstərən diyarşünaslıq muzeyində nümayiş etdirilən eksponatlar arasında arxeoloqlar tərəfindən qədim insan məskənlərinin yerində aşkar edilmiş bəzək əşyaları, silahlar və qab-qacaq da var.
Harada qalmaq olar
Yerli əhalinin icarəyə verdiyi münasib şəraitli və rahat evlərdə qalmaq mümkündür.
Harada nahar etmək olar
Yolüstü kafelərdə və qəlyanaltılarda nahar etmək üçün əlverişli şərait var.