«Qobu» sözü - dərə, yarğan mənasında işlənir. Bahar fəslində bura əsl cənnətə dönür - al - qırmızı lalərin, rəngbərəng çobanyastığı, qaymaqçiçəyi və başqa çöl çiçəkləinin ətri adamı məst edir. Rayonun iqlimi subtropikdir. Yayda temperatur +32 C-dən +42 C-yə qədər, qışda isə -5 C-dən +5 C-yə qədər dəyişir.
Qobustan rayonun inzibati mərkəzi olan Mrəzə qəsəbəsi Mərəzə yaylasının mərkəzi hissəsində, əsas magistral yolun kənarında yerləşir. Deyilənlərə görə, bu yerin «Mərəzə» adlanmasının qəribə bir tarixi var. Vaxtilə bir kişinin çox sevdiyi arvadı xəstələnir. Əri onu bu mərəzdən (xəstəlikdən) xilas etmək üçün onunla bərabər gəlib burada məskunlaşır və qadın sağalır. Mərəzə qəsəbəsinin yaxınlığında olan mağara labirintləri turistləri çox maraqlandırır. Yeraltı keçidlər və lağımlar vasitəsilə bir-biri ilə əlaqələndirən bu labirintlər hələ orta əsrlərdə tikilmiş bütöv bir qaleriyalar sistemidir.
Mərəzə yaxınlığında şor sulu mineral bulaq da var.
Qobustan rayonunda çoxlu tarixi abidələr qorunub saxlanır. Onlardan ən mühümləri - Diri baba məqbərəsi (1402-ci il), Şah Abbas karvansarası, Şeyxbərgü abidələri, Şeyx düzükurqanlarıdır. Mərəzənin mərkəzində yerləşən Şah Abbas karvansarasının ciddi bərpa olunmasına ehtiyac duyulur.
Şeyxbərgü abidələri - bizim eradan əvvəl I əsrdən bizim eranın VIII əsrinə qədər Şamaxı ilə Təbrizi birləşdirən ticarət yollarında mövcud olmuş insan məskənlərinin qalıqlarıdır. Dağ kolanı kəndinin yaxınlığında yerləşən bu xarabalıqlar arxeoloqlar tərəfindən 1961-ci ildə aşkar edilmişdir.
Şeyx düzü kurqanları tarixən Şıx düzü adlanan ərazidə yerləşən üç kurqandan ibəarətdir.
Qobustan rayonu Şirvanın xalçaçılıq mərkəzlərindən biridir. «Mərəzə», «Nəbur», «Çuxanlı» və «Cəmcəmli» adlanan yerli xalçalar çox məşhurdur.
Harada qalmaq olar
Yerli əhalinin kirayə verdiyi münasib şəraitli və rahat evlərdə qalmaq mümkündür.
Harada nahar etmək olar
Yolüstü kafelərdə və qəlyanaltılarda nahar etmək üçün əlverişli şərait var. Bu yerlərdə quzu kababını özünəməxsus qaydada hazırlayır.