Zaqatala rayonu Böyük Qafqaz sıra dağlarının ətəyində Azərbaycanın şimal-qərbində yerləşir. Rayon şimal-qərbdə Rusiya Federasiyasının Dağıstan Respublikası ilə, qərbdə Balakən rayonu ilə, şərqdə isə Qax rayonu ilə həmsərhəddir. Rayonun şimal-şərq ərazisində dağlıq, cənub və cənub-qərb hissədə düzənlik relyef üstünlük təşkil edir. Rayonda ən uca nöqtə Quton dağıdır. (3648 m). Düzənlikdə mülayim, dağlarda soyuq iqlim müşahidə olunur. Yanvar ayının orta temperaturu düzənlikdə -1 С, dağlarda -10 S, iyul ayının orta temperaturu isə, müvafiq olaraq +24 С və +5 С olur. Burada ildə 600-1600 mm yağıntı düşür. Rayon ərazisinin yarısı, əsasən dağlıq ərazilər, meşələrdə örtülmüşdür. Burada şabalıd, qoz, yındıq, palıd, fısdıq, vələs, qarağac və başqa qiymətli ağac növləri bitir. Rayonun heyvanat aləmində nəcib maral, dağ keçisi, qaban, ayı, canavar, dovşan, quşlardan isə qırqovul, qaratoyuq, kəklik, turac, dağ qartalı, çalağan, bülbül üstünlük təşkil edir. Rayonun ərazisinin bir hissəsini 1929-cu ildə yaradılmış Zaqatala qoruğu tutur. Sahəsi 23.844 hektar olan bu qoruqda hər hansı təsərrüfat fəaliyyəti ilə məşğul olmaq qadağan edilmişdir. Lakin ekoloci turizm üçün burada münasibə şərait var. Turist cığırları boyunca piyada və at belində səyahətə çıxanda qoruqda yaşayan heyvanların və quşların davranışını müşahidə etmək, foto və video çəkilişlər aparmaq mümkündür. Bu marşrutlarda turistlərin dincəlməsi və gecələməsi üçün münasibə yerlər var. Qırqovul və su quşlarını, qaban, dovşan və başqa heyvanları ovlamaq mümkündür. Qaş kəndinin ətrafında qışda xizək sürmək üçün əlverişli şərait var.
Zaqatala - beynəlmiləl rayondur. Burada azərbaycanlılarla bərabər 20-dən çox xalqın nümayəndələri - avarlar, ləzgilər, tsaxurlar, ruslar, tatarlar, ingiloylar və başqaları yaşayır.
Rayonun ərazisində çoxsaylı tarix və mədəniyyət abidələri var. Gözbarax və Qalal kəndlərində XVIII əsrə aid məscidlər, Mazıx kəndində XII əsrə aid adban qalası və XVIII əsrə aid məscid, Kebeloba kəndində XIV əsrə aid edilmiş iki abidə, Yuxarı Çardaxlar kəndində Pəri qalası, Paşan kəndində XIII əsrə aid alban qalası, Car kəndində XIV əsrə aid Çingözqala qülləsi, Axaxdərə kəndində XII əsrə aid alban qalası, I Tala kəndində XIX əsrə aid Cümə məscidi, kəndlərin çoxunda, o cümlədən, Mosul və Əliabad kəndlərində XIX əsrə aid məscidlər bu qəbildəndir.
Rayonun mərkəzi, Zaqatala şəhəri, dəniz səviyyəsindən 535 m yüksəklikdə, Talaçay çayının sahilində yerləşir. Elə güman edirlər ki, Zaqatala adı vaxtilə öz ailəsi ilə bu ərazidə ilk dəfə məskunlaşmış Zəki adlı şəxsin adından yaranmışdır: «Zəki talası».
Zaqatalanın mövcud iqlim şəraiti bu şəhəri dağ-iqlim kurortuna çevirməyə imkan vermişdir. Zaqatala şəhərindəki parkın yanında yerləşən qədim qala orta əsrlər dövründə tikilmişdir. «Potyomkin» qiyamçı zirehli gəmisinin matrosları bu qalada saxlanılmışdır. Üsyan iştirakçısı S.Demaşkoya mədəniyyət və istirahət parkında abidə ucaldılmışdır. Şəhərin ən mənzərəli güşələrinin birində S.Qazıyevanın abidəsi qoyulmuşdur. O, pamğıqyuyan maşının sükanı arxasında əyləşən ilk qadın olmuşdur. Şəhərdə maraqlı bir təbii abidə var. Bu yaşı 800 ildən çox olan ağacdır.
Harada qalmaq olar
«Gülüstan» turist bazası, «Ləzzət» istirahət guşəsi, «Turqut» moteli qonaqlara lazımi səviyyədə xidmət etmək imkanlarına malikdir.
Harada nahar etmək olar
«Ləzzət», «Turan», «Tala», «Murad» restoranları, «Görüş» kafesi öz xidməti ilə gələnləri razi salır.