Qazax rayonu Azərbaycanın qərbində yerləşir. Kür, Ağstafaçay, Çoğaz və Xramçay çayları bu rayonun ərazisindən axır. Yanvar ayından havanın orta temperaturu 0-dan +5 C-yə qədər, iyul ayında isə +20 C-dən +30 C-yə qədər dəyişir. Dağın ətəyindən başlanan düzənlik alp çəmənlikləri ilə örtülmüşdür. Bura Altuntaxt yaylağıdır. Yaylağın arxa tərəfində mavi rəngli İncə dərəsi yerləşir. Dərənin o tayında Qaraqoyunlu dağı ucalır. Çaylar boyunca tuğay meşələri uzanıb gedir.
Tarixdən məlumdur ki, VIII əsrdə sərkərdə Mərvan ibn Məhəmməd «Kasal» adlı yaşayış məntəqəsi salınmışdır. O dövrün ərəb mənbələrində Qasak və ya Qazak adlanan bu yerin iri yaşayış məntəqəsi olması qeyd edilir.
Qazax rayonunda qədim memarlıq abidələri çoxdur: Yuxarı Əskipara kəndindəki məbəd (V-VIII əsrlər), Şəkərqala məbədi (XV əsr), Qıraq Kəsəmənli kəndindəki dairəvi qüllə (XVIII əsr), Qazax şəhərindəki məscid, Poylu kəndində XIX əsr məqbərələr qrupu, Qatır körpüsü, Qızılhacılı körpüsü, Kazım körpüsü (hamısı XV əsrə aiddir), Xramçay üzərindən salınmış Qırmızı körpü və ya Sınıq körpü (XII əsr). Günəşin qızıl rəngli al şüalarında bərq vuran «Qızıl qaya» baxanları valeh edir. Vaxtilə bu qayanın zirvəsində Koroğlu qalası və ya Didivan qalası olmuşdur (VI-VII əsrlər).
Rayon ərazisində diqqəti cəlb edən maraqlı yerlər arasında Daş Salahlı kəndinin yaxınlığında Avey dağında yerləşən mağaraları xüsusilə qeyd etmək olar. Arxeoloqlar burada qədim insan məskənləri, əmək alətləri və silahlar aşkar etmişlər.
Rayonun inzibati mərkəzi - Qazax şəhəri Respublikanın qərbində yerləşən iri şəhərlərdəndir. Qazax Azərbaycanın bir sıra istedadlı şair, alim, aşıqlarının vətənidir. Şairlərdən Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Səməd Vurğun, yazıçı Mehdi Hüseyn və başqaları bu diyarda doğulmuşdur. Port - Arturun müdafiəsinin iştirakçısı, məşhur general Əliağa Şıxlinski də Qazaxda anadan olmuşdur. Azərbaycanda ilk müəllimlər seminariyası 1918-ci ildə Qazaxda açılmışdır.
Qazaxda gözəl bir məscid, qədim lakin hələ də fəaliyyətdə olan hamamlar var. Şəhərdə bir neçə park, mədəniyyət evi, zəngin ekspozisiyalı muzey fəaliyyət göstərir. Buradakı atçılıq müəssisəsində məşhur diliboz cinsli atlar yetişdirilir. Qazax rayonunda yetişdirilmişdir.
Qazax həm də xalçaçılıq mərkəzlərindən biridir. Rayonun bir çox sakinləri hələ də bu ənənəvi xalq sənətini davam etdirir.
Qazax aşıqları bütün Azərbaycanda məşhurdur və hər yerdə onlara hörmət göstərilir. Baharın gəlişini bildirən Novruz bayramı ilə bvğlı bütün adətlər və mərasimlər Yuxarı Salahlı kəndində xüsusi qayğı ilə qorunub saxlanılır. Bu bayram günlərində oraya gələn qonaqlar indi də qədim dövrdcə olduğu kimi yazın əvvəlində gecə ilə gündüzün bərabərləşməsinin qeyd edilməsinin şahidi olurlar.
Harada qalmaq olar
Mehmanxana Tel. 2 32 05, 2 19 60, otel «Palıd» Tel. 2 46 34.
Harada nahar etmək olar
Şəhərdə «Qafqaz», «Akasiya», «Şahin», «Qarabağ», «Çənlibel», «Aysel» restoranları, «Elit», «Elsevər», «Nərgiz» kafeləri turistlərə öz yüksək səviyyəli xidmətini təklif edir.