Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Test Alet
|

Zurna

Güclü və zil səsə malik zurna musiqi aləti Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda özünəməxsus yer tutmuşdur.

Zurnanın "surnay" sözündən olub, sur "böyük ziyafət", nay "qarğı", "qamış" mənasını verdiyi güman edilir. Ayrı-ayrı növləri Orta Şərq və Qafqaz xalqları arasında çox geniş yayılmışdır. Qədim insan məskənlərindən biri olan Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış dörd ədəd zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına görə, yüksək zövqlə hazırlanmış bu alətlərin üç min il yaşı vardır. Əsasən, ərik (qaysı), qoz və tut ağaclarından yonularaq hazırlanır.

Ümumi uzunluğu 302-317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60-65 mm-ə çatır. Üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq açılır. Gövdənin baş tərəfinə maşa (beçə) taxılır. Onun uzunluğu 120 mm-dir və o, cır söyüd, qoz və ərik ağacından hazırlanır. Maşanın vəzifəsi alətin kök qaydasını nizama salmaqdır. Bürünc, mis, yaxud gümüş lövhədən hazırlanmış "mil" maşaya taxılır. Əsasən, quru yerdə bitmiş qamışdan xüsusi üsulla hazırlanmış müştük 710 mm uzunluğunda olur.

İfaçı aləti səsləndirmək üçün ağız boşluğuna yığdığı havanı müştükdən nizamla üfləyir. Sədəf, sümük və bürüncdən hazırlanan dəyirmi tağalaq (dayaq) milin, təxminən, orta hissəsinə, girdə lövhəyə bərkidilir. Tağalaq, bir növ, dodaq üçün dayaq rolunu oynayır. Üfürülən hava müştük, mil və maşadan keçərək gövdəyə daxil olur və alət barmaqların köməyi ilə gövdədəki oyuqları açıb-bağlamaqla səsləndirilir.

Zurnanın diapazonu kiçik oktavanın "si bemol" səsindən üçüncü oktavanın "do" səsinə qədərdir. İfaçının məharətindən asılı olaraq, bir neçə səs də artırmaq mümkündür. Bu səsləri ifaçılar "səfir səslər" adlandırırlar. Zurna, əsasən, açıq havada keçirilən el şənliklərində geniş istifadə edilir.

Bu alətin "qara zurna", "ərəbi zurna", "cürə zurna", "əcəmi zurna", "qaba zurna", "şəhabi zurna" kimi növləri tarixən mövcud olmuşdur. Əsasən, nəfəs alətləri ansamblında ifa olunur. Xalq çalğı alətləri ansamblı və orkestrlərinin tərkibində də solo aləti kimi bəzi rəqslər, cəngilər və digər musiqi nümunələrinin ifasında istifadə edilir. Ü.Hacıbəyli "Koroğlu" operasında zurnanı orkestrin tərkibinə əlavə etmişdir.