Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Test Alet
|

Qopuz

Ən qədim simli çalğı alətlərindən biridir. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir.

ABŞ arxeoloqlarının 1960-cı ildə Cənubi Azərbaycanın Şuşdağı ətəyində yerləşən Cığamış qədim insan məskənində apardıqları qazıntılar zamanı e. ə. VI minilliyə aid edilən nadir mədəniyyət nümunələri aşkar edilmişdir. Bu tapıntılardan ən maraqlısı sinəsində qopuz tutmuş ozan və bir neçə başqa musiqiçidən ibarət musiqi məclisinin təsvir edildiyi saxsı qabdır.

Qopuz türk xalqlarının yaşadıqları geniş coğrafi ərazilərdə məlum olmuşdur. Onun müxtəlif növləri, hətta bəzi Avropa ölkələrində də (Ukrayna, Polşa, Macarıstan, Moldova) "kobuz", "kobza", "komuz", "komız" və başqa adlarla geniş yayılmışdır. Çox güman ki, bu, eramızın IV-V əsrlərində türk tayfaları olan hunların Avropaya yürüşü (Xalqların Böyük Köçü) zamanı baş vermişdir. Qopuzun iki növü daha geniş istifadə olunmuşdur.

1) "Qıl qopuz" və ya "ikilıq" kimi tanınan və kamanla ifa edilən ikisimli qopuz növü Orta Asiya xalqları arasında, xüsusilə Qazaxıstanda geniş yayılmış və hazırda istifadə edilməkdədir.

2) Müasir aşıq sazının sələfi sayılan üçsimli "qolça qopuz" Azərbaycan türklərinin istifadə etdikləri ən qədim simli musiqi alətidir.

"Kitabi Dədə Qorqud" dastanlarında xatırlanan qolça qopuz bir neçə adda təqdim olunur. Kitabda adları çəkilən "quruluca qopuz", "alça qopuz" ayrı-ayrı alətlərin deyil, eyni bir alətin müxtəlif cəhətlərini açıqlayır.

Əbdülqadir Marağai "Məqasid əl-əlhan" əsərində qopuzun iki növünün "rumlular qopuzu" və "ozan qopuzu"nun quruluşu barədə məlumat vermişdir. Güman ki, "qopuz" sözünün etimologiyası qop qədim türkcədə "ucalıq", "yüksəklik", uz isə "avaz", "sehrli musiqi ahəngi" anlamını verir. Qədim türk qopuzları, əsasən, ikisimli və üçsimli olmuşdur.

Altay, Sibir, Çin, uyğur və Türkmənistan ərazilərində məskunlaşan türk tayfaları ikisimli, Anadolu və Azərbaycan türkləri isə üçsimli qopuzdan istifadə etmişlər. Qolça qopuzun çanağı udabənzər olub, ondan xeyli kiçikdir. Çanaq hissəsi bütövyonma üsulu ilə hazırlanır.

Onun üzünün 2/3 hissəsi dəri, qalan hissəsi isə nazik taxta üzlüklə örtülür. Qopuzun qısa qoluna pərdələr bağlanılmır. Ümumi uzunluğu 810 mm, çanağının uzunluğu 410 mm, eni 240 mm, hündürlüyü 120 mm-dir.

Diapazonu böyük oktavanın "si" səsindən birinci oktavanın "lya" səsinə kimidir.