Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Mobil Rəşid oğlu Babayev XX əsrin 70-ci illərində yaradıcılığa başlayan bəstəkarlar nəslinin istedadlı və ən layiqli nümayəndələrindən biridir. Azərbaycanın simfonist bəstəkarı Cövdət Hacıyev məktəbinin yetişdirməsi olan Mobil Babayev, müxtəlif janrlarda yazılmış çoxsaylı orijinal əsərlərin müəllifidir. Belə ki, bəstəkarın yaradıcılıq irsinə simfonik, kamera-instrumental və vokal əsərlər, o cümlədən 5 simfoniya, viola və orkestr üçün 2 konsert, 2 oratoriya, 2 kantata, 50-dən artıq filmə, o cümlədən bədii, sənədli, elmi-kütləvi və cizgi filmlərinə yazılmış musiqi, caz orkestri və estrada simfonik orkesri üçün çoxsaylı kompozisiyalar, müxtəlif mövzularda yazılmış 150-yə yaxın mahnı və s. aiddir. Azərbaycan bəstəkarları arasında M.Babayev iki yeni musiqi janrının yaradıcısı hesab olunur ki, bunlar da alt və orkestr (kamera, simfonik) üçün konsert və estrada simfonik orkestri üçün konsert janrlarıdır.