Mir Cəlal Paşayev Muzeyi Ünvanı: Gəncə şəhəri, Bayan küçəsi 83 Fəaliyyətə başladığı il: 2007-ci il Əlaqə telefonu: (022) 254-94-22 Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar Elm xadimi, yazıçı-alim Mir Cəlal Əli oğlu Paşayevin 100 illik yubileyi ərəfəsində ədibin xatirəsinə yaradılmış muzeyin 2007-ci il sentyabr ayının 29-da rəsmi açılışı olmuşdur. Ailə üzvləri tərəfindən muzeyə ədibin şəxsi pasportu, orden və medalları hədiyyə edilmişdir. Hal-hazırda bu əşyalar muzeyin ən dəyərli eksponatlarındandır. Mir Cəlal Paşayev Ev Muzeyinin Gəncə şəhərində fəaliyyəti təsədüfi deyil. Çünki, Mir Cəlal Paşayev cənubi Azərbaycanda anadan olsa da, taleyi onu qədim Gəncə şəhərinə gətirib çixarmışdır. Ədib həmişə bu şəhəri sevmiş və özünün doğma şəhəri bilmişdir. Mir Cəlal Paşayevin uşaqlıq, gənclik və tələbəlik illəri, pedaqoji və ədəbi fəaliyyəti, onun ailə üzvləri, onun layiqli davamçıları xronoloji ardıcılıqla muzeyin ekspozisiyasında öz əksinin tapmışdır. Muzey fəaliyyətə başlayanda eksponatların sayı 150-yə qədər idi. Hal-hazırda eksponatların sayı 300-dən artıqdır. Muzey kompleksində 2009-cu ilin aprel ayında Elmi-Ədəbi Tədqiqat Şöbəsi fəaliyyətə başlamışdır. Şöbənin yaradılması ədəbiyyatımızın tədqiqinə, araşdırılmasına xidmət edir. Mir Cəlal Paşayev Muzey Kompleksində mütamadi olaraq şair və yazıçıların kitab təqdimatları, şəhər ziyalıları ilə görüş-konsertlər, şagird və tələbələr üçün ədəbiyyat dərsləri, ekskursiyalar və s. keçirilir.